Yoluxma artır – Sərt karantin, yoxsa peyvəndləmə?  

11:25 06.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son günlər ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayında kəskin artım müşahidə olunur.

Bəs görəsən vaksinasiyanın aparıldığı bir dövrdə yoluxma sayının bu qədər artmasına səbəb nədir? Qarşıda bizi mövsümü qrip, digər virusların daha da artdığı bir dövr gözləyir. Vəziyyət daha da ciddiləşə bilərmi? Qapanma və sərt karantin tədbirləri nə qədər zəruridir?

Məsələ ilə bağlı hafta.az-a danışan həkim-infeksionist Natiq Əliyev söylədi ki, yoluxmaların artmasına qarşı görüləcək tədbirlərdə qapanma və qaydaların sərtləşdirilməsindən çox vaksinasiyanın sürətləndirilməsi daha yaxşı olardı:

“Yeganə çıxış yolu qapanma deyil. Yaxşı olardı ki, insanlar vaksinasiya olunub özlərini sığortalasınlar. Bu halda yoluxsalar belə yüngül keçirəcəklər.  Qonşu dövlətlərə baxdıqda görürük ki, reanimasiyada yatan xəstələrin çoxu vaksinasiya olunmayan şəxslərdir”.

Həmçinin həkim yoluxma sayındakı artımın onları da ciddi şəkildə narahat etdiyini bildirdi:

“Son günlərdə yoluxma sayının 1000-i keçməsi bizi də ciddi surətdə narahat edir. Əgər belə davam edərsə daha yüksək statistik rəqəmlərlə də qarşılaşa bilərik. Qarşıdan mövsümü infeksiyaların yayıldığı  sentyabr-oktyabr ayları gəlir. Təhlükədən qorunmaq üçün peyvəndlənmə prosesində aktiv iştirak olduqca vacibdir”.

İnfeksionist Nicat Əzimli də həmkarı ilə eyni fikirdədir. Onun sözlərinə görə, son zamanlar virusa yoluxanların sayının çoxalması onu göstərir ki, bu hələ bir müddət davam edə bilər. Səbəb isə ilkin olaraq aktiv xəstələrin məsuliyyətsizliyidir:

“Yoluxan insanların əlaqədə olduğu şəxslərdən də yeni müraciətlər alıram. Görürəm ki, ailənin bir üzvü kovid olub, 1-2 gün sonra digərləri də yoluxur. Yoluxma xüsusilə bu şəkildə artır. Xəstələrin bir çoxu aktiv həyat tərzindən çəkinmirlər. Hazırda bir çox obyektlər açıqdır, insanlar öz həyat fəaliyyətlərinə normal qaydada davam edib virusu daşıyırlar. Buna görə müəyyən qədər qapanmalara ehtiyac var ki, yoluxmuş insanlar digərlərini də yoluxdurmasınlar. Xüsusilə də bəzi məclislər buna olduqca münbit şərait yaradır”.

İnfeksionist belə vəziyyətlərdə atılacaq ən doğru addımın vaksin etdirmək olduğunu söylədi. Hazırkı vaksin statistikasını isə yüksək qiymətləndirdi:

“Vaksinasiyanın sürətindən narazı deyiləm, amma bunu daha da artırmaq olar. Uzun müddətdir peyvənd vurulur, lakin yenə də yoluxma sayı 1000-ə çatır. Yaxşı olardı ki, hamı vaksinasiyada aktiv şəkildə iştirak etsin. Onsuz da təbliğat yüksək səviyyədə aparılır. Ölkədə hər cür vaskin var. Seçim sayı kifayət qədər çoxdur. Vaksin olunmaq xəstəliyi olduqca yüngül keçirtməyə şərait yaradır. Biz təcrübədə belə hallarla çox qarşılaşırıq. Vaksindən sonra kovidə yoluxmaq o demək deyil ki, insanlar xəstəliyi əvvəlki təhlükə ilə keçirəcəklər. Həmin şəxslər yaş kateqoriyalarına görə bir çox risk qruplarında olsalar belə görürük ki xəstəliyi 1-2 gün qızdırma ilə keçirib sağalırlar.  Əksər hallarda bu belə olur. Çox nadir hallarda vaksin olunmuş şəxslər kovidə yoluxub ağırlaşa bilər. Lakin vaksin demək olar ki 100% bizi xəstəliyin kritik halından sığortalayır”.